CƏMİYYƏT
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünlərlə görüşüb. Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri də iştirak ediblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlər fərdi qaydada qəbul edilib və onların müraciətləri dinlənilib. Onlar əsasən, mənzil, status, vahid aylıq müavinətin təyin olunması, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciət ediblər.
Məlumat verilib ki, məcburi köçkünlərlə bağlı məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı aparılan işin sürətləndirilməsi üçün tapşırıq verib. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.
Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcək.