REGİONLAR
Dövlət Sosial Müdafiə Fondu Saatlıda “Açıq qapı günü” - vətəndaş forumu keçirib VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, oktyabrın 7-də Saatlıda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, “Sosial sığorta vergi deyil” mövzusunda təşkil olunan regional tədbirə Saatlı, İmişli və Cəbrayıl rayonlarının sosial sığorta ödəyiciləri və pensiyaçıları qatılıb. Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, sosial sığorta və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov qeyd edib ki, sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdәn sığortalanma məqsədilə fondlaşdırılır. Çünki əməyin dəyəri təkcə işçiyə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında tәminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əməkhaqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir.
“Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir”, - deyə F.Qədimov vurğulayıb.
Sosial sığorta haqlarının dərəcəsi barədə sulları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahəlәrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir: “Belə olan şəraitdə əməkhaqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərə bilər.
MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkə olduğunu vurğulayan F.Qədimov qeyd edib ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25 faiz, Böyük Britaniyada 2 faiz, Almaniyada 4,2 faiz, İtaliyada 8,2 faiz, Kanadada 4 faiz, ABŞ-da 1,6 faiz, Yaponiyada 1 faiz, Rusiyada 8 faiz qaldırılıb.
Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflərin hazırlandığını bildirən Fond rəsmisi deyib ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əməkhaqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.
Daha sonra forum DSMF nümayəndələri Azər Məmmədov və Nahid Qasımovun çıxışları ilə davam etdirilib.