CƏMİYYƏT
Dövlət Yanğından Mühafizə Hissəsində müəllim və şagirdlərlə görüş olub
Bakı, 19 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnazıyasının müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tədbir iştirakçılarına yanğından mühafizə qurumlarının rolu haqqında məlumat verilib, yanğınların söndürülməsində və qəza-xilasetmə işlərinin aparılması zamanı istifadə olunan döyüş paltarları və istilik əksetdirici kostyumlar, kəsici-pnevmatik alətlər nümayiş olunub. Təhsil müəssisəsinin nümayəndələri, həmçinin tənəffüs orqanlarının mühafizəsi vasitələrindən istifadə qaydaları haqqında məlumatlandırılıb.
Tədbirdə iştirak edən Dövlət Yanğından Mühafizə Xidmətinin veteran əməkdaşı, istefada olan daxili xidmət polkovniki Azad Səmədov təhsil müəssisəsinin nümayəndələrinə yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, həmin avtomobildəki alət-avadanlıqlar, onlardan istifadə qaydaları, həmçinin xüsusi təyinatlı avtomobillərin taktiki-texniki xarakteristikası haqqında bilgilər verib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiqi qaydaları barədə də söhbət açılıb. Tədbir iştirakçıları, eyni zamanda, məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən uşaq yaradıcılıq müsabiqəsinə təqdim olunmuş əl işləri ilə tanış olublar.
Əsas yanğın avtomobilləri ilə döyüş açılışının əyani şəkildə nümayiş olunması müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə İncəsənət Gimnaziyasına Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən hazırlanmış “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi ilə bağlı guşədə istifadə olunmaq üçün şəkil dəsti təqdim edilib.