CƏMİYYƏT
Dövlət Yol Polisi Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd edilən vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir.