ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 24 nəfər ərizə verib
Bakı, 11 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə yanvarın 4-də elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 31-i isə B növünə (inzibati icraçı) aiddir. Yanvarın 11-nə olan məlumata görə, artıq 24 nəfər qeydiyyatdan keçib. Ən çox müraciət İqtisadiyyat Nazirliyində (5 vakant yerə 8 müraciət) qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində müsahibəyə çıxarılan 11 vəzifəni tutmaq üçün 1 nəfər, Müdafiə Sənayesi Nazirliyində 16 vəzifəni tutmaq üçün 8 nəfər, Təhsil Nazirliyində 7 vəzifəni tutmaq üçün 4 nəfər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifəni tutmaq üçün 3 nəfər müraciət edib.
Qeyd edək ki, namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-ü saat 18.00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.