ELM VƏ TƏHSİL
Dövlət qulluğuna hazırlaşanların nəzərinə: sınaq imtahanına qeydiyyat sabah başa çatır
Bakı, 8 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat avqustun 9-u saat 9:00-da başa çatacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 9-da keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.
Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Xatırladaq ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında hər qrup üzrə əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.