REGİONLAR
Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün keçirilən müsahibə mərhələsi başa çatıb
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Müsahibə mərhələsində iştirak etmək üçün 259 namizəd qeydiyyatdan keçmiş, həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 6 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibəyə hazırlıq məqsədi ilə avqustun 27-də Dövlət İmtahan Mərkəzində 13 müstəqil ekspert və 12 dövlət orqanını təmsil edən 15 nümayəndənin iştirakı ilə seminar keçirilib.
207 namizəd və ya 143 nəfərin iştirak etdiyi müsahibənin nəticələrinə əsasən 40 nəfər bu mərhələdə müvəffəqiyyət qazanıb. Onlardan 24-nün sənədi təyin olunmaq üçün aidiyyəti orqanlara göndərilib və hər biri müvafiq vəzifələrə təyin olunub. On nəfər isə dövlət qulluğu vəzifələri üzrə ehtiyat kadrlar siyahısına salınıb.
Qeyd edək ki, 18 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 59 vakant vəzifənin tutulması üçün 729 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 662 namizəddən 285-i müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 13 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını yığıb.