CƏMİYYƏT
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər davam etdirilir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dörd nəfər İran vətəndaşının saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Noyabrın 21-də Tehran-Bakı aviareysi ilə ölkəmizə gələn İran vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrza, 1978-ci il təvəllüdlü Ebrahim-Niaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub. Dərinləşdirilmiş laborator müayinə nəticəsində pasportların saxta olduqları müəyyən edilib.
Araşdırma zamanı saxlanılmış şəxslərin üzərində onlara məxsus İran pasportları aşkarlanıb. Həmin pasportlara əsasən, onların noyabrın 17-də Tehran-İstanbul aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtdıqları müəyyənləşib. Həmin şəxslərin saxta İtaliya pasportlarını da Türkiyədən aldıqları ehtimal olunur.
Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər ölkə ərazisindən gəldikləri istiqamətdə deportasiya ediliblər.