SİYASƏT
Dubayda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Dekabrın 29-da Azərbaycanın Dubaydakı baş konsulluğu 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan şirkətlərinin regional ofislərinin, diaspor təşkilatlarının təmsilçiləri, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciəti oxunmuşdur.
Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə çıxış edərək azərbaycanlıların dünya sivilizasiyasına böyük töhfələr verdiyini bildirmişdir. Hazırda dünyanın bir çox hissəsində 50 milyondan çox azərbaycanlının yaşadığını qeyd edən baş konsul ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunduğunu diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin əldə olunmasında, ölkədə və dünyada azərbaycançılıq ideyasının milli təfəkkür tərzinə çevrilməsində mühüm rol oynadığını bildirən baş konsul Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildiyini vurğulamışdır.
Pərviz İsmayılzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bir çox ölkələrində yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırmışdır.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” bədii filmi nümayiş etdirilmişdir.