ELM VƏ TƏHSİL
Dünya Ətraf Mühit Günü münasibətilə Dendrologiya İnstitutunda ağac-kol bitkiləri əkilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun birgə təşəbbüsü ilə bu elmi müəssisənin ərazisində növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aksiyada Hindistanın Azərbaycandakı səfiri Sanjay Ranan, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, səfirliyin əməkdaşları, Bakıdakı hind icması və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər. Aksiya zamanı ağac-kol bitkiləri əkilərək suvarılıb. Həmçinin parkın ərazisindəki ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
5 iyun - Dünya Ətraf Mühit Günü münasibətilə keçirilən aksiya ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasına, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.
Dendrologiya İnstitutunda ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.