DÜNYA
Dünya Turizm və Səyahətlər Şurası turizm hesabına gəlirləri ən yüksək olan şəhərlərin siyahısını təqdim edib
Bakı, 30 oktyabr, AZƏRTAC
Dünya Turizm və Səyahətlər Şurası (The World Travel & Tourism Council, WTTC) ümumi daxili məhsulun həcmində turizm hesabına gəlirləri ən yüksək olan şəhərlər haqqında illik hesabat təqdim edib.
AZƏRTAC Dünya Turizm və Səyahətlər Şurasının saytına istinadla xəbər verir ki, bu siyahıda ümumi daxili məhsulun həcmində turizm hesabına gəlirlərin həcmi 35 milyard dollar olmuş Şanxay birinci yeri tutur. Ümumi daxili məhsulun həcmində turizm hesabına gəlirləri ən yüksək olan şəhərlərin reytinqində ikinci yeri Pekin (32,5 milyard dollar), üçüncü yeri Paris (28 milyard dollar) tutub.
İlk beşlikdə sonrakı yerləri Orlando (24,8 milyard dollar) və Nyu-York (24,8 milyard dollar) tutur. İlk onluğa Tokio (21,7 milyard dollar), Banqkok (21,3 milyard dollar), Mexiko (19,7 milyard dollar), Las-Veqas (19,5 milyard dollar) və Şençjen (19 milyard dollar) şəhərləri də daxildir.
Beləliklə, ilk onluğa Çindən üç şəhər, Amerikadan üç şəhər, Asiya ölkələrindən iki şəhər, Avropadan isə cəmi bir şəhər daxildir. Reytinqin ikinci onluğunda Avropa şəhərləri iki dəfə təmsil olunub: London 12-ci, Münxen isə 20-ci yerdədir.
Dünya Turizm və Səyahətlər Şurasının hesablamalarına görə, 10 ildən sonra Şanxayın turizm hesabına qazancı Parislə müqayisədə iki dəfə çox olacaq. Çin meqapolisində müvafiq göstəricinin 75,3 milyard dollar, Fransa paytaxtında isə 37,2 milyard dollar olacağı proqnozlaşdırılır. Əsasən beynəlxalq səyahətçilərin xərclərinə güvənən Parisdən fərqli olaraq Çin meqapolislərinin gəlirləri daxili turistlər hesabına artacaq.
Ekspertlər ümumi daxili məhsula turizmin töhfəsinin sürətlə artdığı şəhərlər barədə maraqlı nəticələr çıxarıblar. 2017-ci ildə bu cür artım üzrə lider Qahirə olub (34,4 faiz). İkinci yerdə Makao şəhəridir (14,2 faiz). Turizm baxımından ən sürətlə inkişaf edən beş şəhərdən dördü Çində yerləşir: Çuntsin, Çendu, Şanxay və Quançjou.