SİYASƏT
Dünya azərbaycanlılarının III qurultayı diaspor fəaliyyətlərində yeni mərhələ açmışdır
Bakı, 9 iyul (AZƏRTAC). Dünya azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilk dəfə ümummilli lider Heydər Əliyevdən gəlmişdir. Bu təşəbbüs bütün dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində, diasporumuzun təşkilatlanmasında çox böyük rol oynamışdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı, Kanadada yaşayan soydaşımız Saleh Yıldırım demişdir.
Dünya azərbaycanlıların III qurultayında iştirak edən S. Yıldırım bundan qürur duyduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan dövlətinin təşkilatçılığı ilə qurultayın, eləcə də digər tədbirlərin keçirilməsi diaspor təşkilatlarımızı daha da ruhlandırır. Onlar arxalarında Azərbaycan kimi qüdrətli dövlətin dayandığını hiss edirlər. Bu da bizi daha irəli getməyə, Azərbaycanın haqq işini daha geniş təbliğ etməyə ruhlandırır. Qurultayın bir əhəmiyyəti də bütün dünyada yaşayan azərbaycanlıları əhatə və təmsil etməsindədir.