Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.13-cü və 20.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini ekoloji müşahidə orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sertifikatlaşdırma orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

1.3. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanması və təsdiq edilməsi səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.4. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə, ictimaiyyətin məlumatlandırılması üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin