İDMAN
ELÇİN İSMAYILOV OLİMPİYA OYUNLARINDA İŞTİRAK ETMƏYƏ REAL NAMİZƏDDİR
Martın 27-28-də Belarusun paytaxtında cüdo üzrə “A” kateqoriyalı olimpiya lisenziya turniri keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanı Minskdə 9 idmançı – Şümşad Bəhramov və Tural İbrahimov (60 kq), Ramiz Qasımov və Elçin İsmayılov (66 kq), Elməddin Əhmədov və İlqar İsrafilov (73 kq), Nurəddin Səlimov və Qadir Qadirov (90 kq), Mirəli Mövludov (100 kq) təmsil etmişlər.
Turnirin şərtlərinə görə, birinci yer üçün 90 xal, ikinci yer üçün 50, üçüncü yer üçün isə 30 xal verilirdi.
Azərbaycan cüdoçusu, ikiqat Avropa dünya çempionu Elçin İsmayılov turnirdə birinci yer tutaraq, 2004-cü ilin Olimpiya oyunlarında iştirak edəcək komandamızda, demək olar ki, öz yerini tutmuşdur. Cüdo üzrə lisenziya turnirlərinin şərtlərinə görə, Afinaya yollanacaq idmançıların adları bütün turnirlər başa çatdıqdan sonra elan ediləcəkdir. Minskdə üçüncü yer tutmuş digər idmançımız Mirəli Mövludovun da Olimpiya lisenziyası almaq imkanı var.
Xatırladaq ki, Mehman Əzizov (81 kq) da 2004-cü il oyunlarına, əslində, lisenziya qazanmışdır.