Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ELEKTROENERGETİKA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “QAZ TƏCHİZATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ “SU TƏCHİZATI VƏ TULLANTI SULARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 881-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qazdan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş qaz qurğusuna dair dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş sudan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.6. həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında nəzərdə tutulmuş paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. öz səlahiyyətləri daxilində “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində, 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin