İDMAN
“EYOF 2019”: Sloveniyalı oğlan həndbolçular ikinci görüşdə də heç-heçə ediblər
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında oğlan həndbolçuların yarışında ikinci günə B qrupunda yer alan komandaların oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, ötən gün Xorvatiya yığması ilə heç-heçə edən Sloveniya millisi ikinci oyunda İslandiya seçməsi ilə “sülh bağlayıb” - 21:21. Paralel keçən digər oyunda isə Fransa millisi Xorvatiya yığması üzərində çətin qələbə qazanıb - 27:26.
Qeyd edək ki, həndbol yarışlarında qızlar və oğlanlar mübarizə aparırlar. Həm qızların, həm də oğlanların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qızların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Oğlanların mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yarışırlar.
Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.