SİYASƏT
Efiopiya ictimaiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumatlandırılıb VİDEO
Əddis-Əbəbə, 26 may, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin dövlət televiziya və radio kanalı olan “EBC”-yə 28 May - Respublika Günü ilə əlaqədar müsahibələr verib.
Səfir 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edib, onun tarixindən bəhs edib.
Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etməsindən danışan diplomat müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz rolunu qeyd edib.
Səfir, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu və dini konfessiyaların nümayəndələrinin sülh şəraitində yaşadığı tolerant ölkə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirib.
Canlı yayımlanan televiziya verilişi zamanı E.Abdullayev, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb, bu münaqişənin ermənilərin Azərbaycana qarşı heç bir tarixi və hüquqi əsasları olmayan ərazi iddialarının nəticəsində yarandığını, Ermənistanın hərbi diktatura rejimi tərəfindən idarə edildiyini, müasir dünyada bu cür cinayətkar hərbi xuntaya yer olmadığını vurğulayıb.
28 May tarixinin həm Azərbaycan, həm də Efiopiya üçün xüsusi tarixi önəm daşıdığını bildirən səfir iki ölkə arasında münasibətlərin möhkəmlənməsinin və qarşılıqlı səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə