CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində vətəndaşlara pulsuz tinglər paylayacaq
Bakı, 8 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə bayram günlərində “Hər ailə ağac əksin” şüarı altında aksiya keçiriləcək. Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara pulsuz müxtəlifcinsli ağac tingləri paylayacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya noyabrın 9, 12 və 17-də saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində təşkil ediləcək. Nazirliyin mütəxəssisləri ağacların əkilməsi və onlara qulluq qaydalarına dair vətəndaşlara tövsiyələr verəcəklər.
Ağac tingləri Xırdalanda 1 nömrəli, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda isə Hövsan parkında paylanılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.