CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər görür
Bakı, 11 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında brokonyerlərə şərait yaradılması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları araşdırıblar. Həmin ərazi ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun xidməti ərazisinə aiddir.
“Balıqçılıq haqqında” normativ hüquqi aktlara uyğun olaraq departament tərəfindən həmin akvatoriyada bu il yanvarın 1-dən mayın 1-dək və sentyabrın 1-dən dekabrın 31-dək nərəkimilər və “Qırmızı Kitaba” daxil olan balıq növləri istisna olmaqla sənaye balıq ovuna icazə verilir. Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında il ərzində bir hüquqi və 65 fiziki şəxsə “balıqovlama bileti” ilə sənaye balıq ovu ilə məşğul olmağa imkan yaradılıb.
Bu barədə AZƏRTAC-a ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev məlumat verib.
Nazir müavini bildirib ki, səkkiz ay ərzində departamentin əməkdaşları ərazidə icazəsiz 18 balıq ovu faktı aşkar ediblər. Qanun pozucularından bir “bayda” (taxta materialdan kustar üsulla hazırlanmış üzmə vasitəsi), doqquz digər üzən vasitə, 933 ov aləti və müxtəlif balıq növləri götürülüb. 14 nəfər qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
Nazirlik icazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər görməyə davam edir.