CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Brüssel seminarının canlı yayımı təşkil edilib
Bakı, 11 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə Belçikanın paytaxtı Brüsseldə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində iqlim dəyişmələri sahəsində tədrisin və məlumatlılığın artırılması” mövzusunda keçirilən seminarın canlı yayımını təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ETSN-də təşkil olunan canlı yayımdan əvvəl Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas çıxış edərək qlobal iqlim dəyişmələri və onun təsirləri, bu təsirlərin azaldılması istiqamətində Azərbaycanda və Avropa ölkələrində görülən işlər barədə məlumat verib, Brüssel seminarından irəli gələn tövsiyələrdən yararlanmaq üçün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “Gənc Avropa Səfirləri”, nazirliyin gənc mütəxəssisləri, ekokönüllülər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, Brüssel seminarının məqsədi əhali arasında iqlim dəyişmələrinə dair məlumatlılığı artırmaq, insanların gündəlik davranışlarında dəyişikliklərə nail olmaq və vətəndaşları bu prosesə daha aktiv şəkildə cəlb etmək üçün imkanları müzakirə etməkdir.