İQTİSADİYYAT
“Elektron hökumət” televiziya proqramının yayımına başlanılıb
Bakı, 3 noyabr, AZƏRTAC
“Elektron hökumət” televiziya proqramının yayımına başlanılıb.
Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İctimai Televiziya elektron hökumət sahəsində maarifləndirici verilişini hər həftənin bazar ertəsi saat 22:00-da tamaşaçılara təqdim edəcək.
Proqramın məqsədi elektron hökumətin vətəndaşlar üçün yaratdığı üstünlüklər, elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə insanları maarifləndirməkdir.
Proqramın ilk buraxılışının qonağı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Milli Məclisin deputatı Tahir Mirkişili olub.
E.Vəlizadə ölkəmizdə həyata keçirilən elektron hökumət quruculuğu barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan elektron hökumətin inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə tam şəkildə formalaşan elektron hökumətin infrastrukturu artan tələbatı ödəməyə imkan verir. Son zamanlar elektron xidmətlərdən və elektron imzadan istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Nazir müavini qeyd edib ki, dövlət qurumları elektron xidmətlər göstərməyə maraqlıdır və əhalinin daha çox zərurət duyduğu xidmətlər mütəmadi olaraq elektronlaşdırılır.
Proqramda iştirak edən digər qonaqlar da qeyd ediblər ki, elektron hökumət quruculuğu daha da inkişaf edərək vətəndaşların rifahının yüksəldilməsinə xidmət edəcək.