CƏMİYYƏT
Erməni vandalizminin daha bir təzahürü: İrəvanda Mahatma Qandinin heykəli yandırıldı
Bakı, 30 aprel, AZƏRTAC
Ermənistanın paytaxtı İrəvanda Hindistanın Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin heykəli yandırılıb.
AZƏRTAC xəbər verir ki, “İrəvanın alternativ meriyası” ictimai birliyi öz feysbuk səhifəsində Mahatma Qandinin heykəlinin götürülməsi tələbi ilə çıxış edib. Buna Mahatma Qandinin erməniləri sevmədiyi, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müttəfiqi olduğu, çıxışlarında hər zaman “erməni soyqırımı” faktını rədd etdiyi səbəb göstərilir. “Biz axıra qədər mübarizə aparacağıq ki, onun heykəli buradan götürülsün. İrəvanda bu heykələ yer yoxdur”, - deyə ictimai birliyin nümayəndələri bildirib. Onların gözləməyə səbri çatmayıb və aprelin 29-da heykələ od vurublar. Erməni vandalizminin daha bir təzahürü olan bu hadisə dünya KİV-lərinin diqqətindən yayınmayıb və pislənilib.
Qeyd edək ki, Mahatma Qandinin heykəli şəhər meriyasının qərarı ilə bir neçə gün əvvəl qoyulmuşdu.
Bu fakt erməni vandalizmi barədə bir daha düşünməyə vadar edir. Ermənilər bütün millətlərə öz dar və məkrli düşüncələri prizmasından baxır, buna uyğun hərəkət edirlər. Faşist ideologiyasına xidmət edən və monoetnik Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarında saysız-hesabsız vandal aktları törədib. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb. 1992-ci ildə erməni cəlladları tərəfindən törədilən Xocalı faciəsində yüzlərlə insan amansızlıqla, işgəncələrlə qətlə yetirilib. Həmçinin dini və tarixi abidələri dağıdıb, məscidlərdə donuz və mal-qara saxlamaqla bütün müsəlman aləmini təhqir ediblər.
Azərbaycanın 44 günlük Vətən müharibəsi erməni faşizminin əsl simasını açıb bütün dünyaya göstərdi. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən qüvvələri mülki əhalini hədəfə aldılar: Gəncə və Bərdə şəhərləri, Ağdam, Goranboy, Tərtər rayonlarının kənd və qəsəbələri raket və artilleriya atəşlərinə tutuldu. Aralarında qadınlar və uşaqlar olmaqla, yüzlərlə dinc insan qətlə yetirildi və ya yaralandı.
Mahatma Qandinin heykəli ilə bağlı hadisədən belə görünür ki, erməni xisləti dəyişən deyil. Onların bütün tarixi yalan və saxtakarlıq üzərində qurulub. Amma bir şeyi unudurlar ki, keçmişi olmayanın gələcəyi də yoxdur.