SİYASƏT
Ermənilərin Şustov konyakının inandırma qabiliyyətinə böyük və sarsılmaz inamı özünü doğrultmadı
Berlin, 25 yanvar, AZƏRTAC
Dünən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” adlı qətnamə qəbul edilib. Bu sənədin müəllifi, Ukrayna nümayəndə heyətinin rəhbəri, AŞPA-nın elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Volodimir Ariev özünün facebook səhifəsində Ermənistan nümayəndə heyətinin onu həmin qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, Bako Saakyanın quldur dəstəsinin separatçı rejim, Dağlıq Qarabağ ərazisinin isə qeyri-şəffaf, hərc-mərclik zonası olması barədə ifadələrdən imtina etməsi üçün “ələ almaq” məqsədilə “yöndəmsiz” cəhdləri barədə söhbət açır (bax: https://www.facebook.com/volodymyr.ariev/posts/1336957909700395).
Məruzəçi facebook şəbəkəsindəki səhifəsində yazıb: “Dünən Ermənistandan olan deputatlar əllərində bir şüşə konyak tutaraq bütün şəhər boyu mənim arxamca qaçırdılar ki, mən Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmək fikrindən dönüm. Elə həmin gün onlar Assambleyada “məni hörmətdən salan materiallar” yayırdılar ki, guya Arievin nənəsi azərbaycanlıdır”.
Bircə onu güman etmək qalır ki, Arievə verilməmiş bir şüşə konyak balansdan başqa yol ilə silinib. Yəqin ki, ermənilər özləri beynəlxalq məkanda növbəti dəfə məğlub olmaq kədərini boğmaq üçün həmin konyakı özləri içib. Boş butulkanı isə məşhur infuzoriya mütəxəssisi Şavarş Koçaryanın laboratoriyasına kolba əvəzinə vermək olar. Çünki o, boş vaxtlarında BMT nizamnaməsinin xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı hissəsini şərh etməklə məşğuldur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin