SİYASƏT
Ermənistana müxtəlif mənbələrdən silahların daşınması onun yeni humanitar atəşkəsə də riayət etməyəcəyini göstərirdi
Bakı, 26 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazır. Ordumuz 30 ildir ki, düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edir. Azərbaycan xalqının azadlıq mübarizəsi apardığı, işğal altındakı torpaqlarımızın qarış-qarış azad olunduğu bir vaxtda Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu təzyiqlərə əzmlə sinə gərir və bizə təsir göstərməyə çalışanların cavabını verir. Bir sözlə, biz hərb, diplomatiya və informasiya məkanlarında öz sözümüzü deyirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Deputat diqqətə çatdırıb ki, vaxtilə sərsəm bəyanatlar verən, münaqişənin həlli ilə bağlı baza prinsiplərini rədd edən, bir neçə gün əvvəl “Münaqişənin diplomatik həlli yoxdur” deyən Ermənistanın baş naziri ona-buna yalvararaq kompromislərdən danışır. Bu dəfə isə N.Paşinyan ABŞ-a üz tutub.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 25-də verdikləri bəyanatdan da danışan C.Osmanov bildirib ki, bu bəyanat, əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib. “Minsk qrupunun həmsədrlərinin imzaladığı bəyanatın ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir və bu, birmənalı olaraq, müharibənin qanunudur”.
Deputatın sözlərinə görə, bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən olunmalıdır. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarəti də özündə əks etdirməlidir.
“Amma Ermənistana, onu siyasi rəhbərliyinə etibar yoxdur. Çünki onlar bu inamı çoxdan itiriblər. Ermənistana müxtəlif mənbələrdən silahların daşınması onun yeni humanitar atəşkəsə də riayət etməyəcəyini göstərirdi. Təbii ki, əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Dövlətimiz, Ordumuz BMT-nin məlum qətnamələrini öz gücünə yerinə yetirir və bunun üçün heç kimə ehtiyacı yoxdur. Vaxtilə bizə kömək etmədilər, indi də mane olmasınlar. Öz işimizi özümüz görürük. Qarabağ Azərbaycandır!”, - deyə Cavid Osmanov vurğulayıb.