REGİONLAR
Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz torpağa tapşırılıb
Saatlı, 23 oktyabr, Mahir Babayev, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Cabbar Firuddin oğlu Zeynalovun nəşi bu gün Saatlı rayonunun Heydərabad kəndinə gətirilərək dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatı Əflatun Amaşov iştirak ediblər. Tabut üzərinə örtülən Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid Cabbar Zeynalovun məzarı üzərinə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalov oktyabrın 22-də şəhid olub.