CƏMİYYƏT


Estoniyada 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu, səfirliyin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutduğunu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığını bildirib.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığı vurğulanıb.

Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyi qeyd olunub.

Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin ölkəmizə mənəvi dəstək göstərdiyi, bu münasibətlərin tarixi köklərə əsaslandığı qeyd edilib.

Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsinin əhəmiyyətinə toxunaraq, Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış qəhrəman Azərbaycan oğullarına Allahdan rəhmət diləyib. Səfir bildirib ki, Türkiyə dövləti və xalqı qardaş Azərbaycanın öz ərazilərini azad etməsinə ürəkdən sevinir. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntıların törədildiyini, onların Azərbaycan tərəfindən tezliklə bərpa ediləcəyinə əmin olduğunu qeyd edib. Eyni zamanda, diplomat Türkiyənin daim qardaş Azərbaycanın yanında olacağını vurğulayıb.

Tədbirdə ehsan süfrəsi açılıb, Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.