DÜNYA
Estoniyada peşəsinin mütəxəssisi olan mühacirlər üçün xüsusi mərkəz fəaliyyət göstərir
Tallinn, 20 oktyabr, AZƏRTAC
Estoniyanın altı müəssisəsi 2018-ci ilin axırınadək Tallindəki Yulemiste rayonunda Beynəlxalq Estoniya Evi açmaq niyyətindədir. Beynəlxalq Estoniya Evi dövlətin və şəhərin təklif etdiyi xidmətlər haqqında bütün informasiyanı xarici mütəxəssislərə təqdim edəcək.
Bu təşəbbüsü irəli sürən təsisatlardan birinin - “Enterprise Estonia”nın məlumatına görə, dünyada yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı müşahidə olunur. Estoniya da ölkəyə istedadların cəlb olunması üçün Avropanın digər ölkələri ilə rəqabət aparır. Təsisçilər ümid edirlər ki, Beynəlxalq Estoniya Evinin yaradılması mütəxəssislərin Estoniyanın xeyrinə seçim etmələrinə kömək edəcək.
Bütün xidmətlər və məsləhətlər bir məkanda cəmləşdiyinə görə mütəxəssislərin Tallindəki müxtəlif təsisatlara müraciət etməsinə ehtiyac qalmayacaq.
Beynəlxalq Estoniya Evinin açılması “Enterprise Estonia” təsisatının proqramı üzrə “Mennor AC” şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn