CƏMİYYƏT
Etimadı doğrultmayan meşə işçiləri vəzifələrindən azad olunublar
Bakı, 9 mart, AZƏRTAC
Təkcə dekabrdan etibarən 52 nəfər meşə işçisi öz vəzifələrindən azad olunub. Həmçinin Şəki, Masallı, Şamaxı, Lənkəranda regional idarə rəisləri işdən çıxarılıb. Buna səbəb onlara olan etimadı doğrultmamaları və təşkilatçılıqlarının zəif olması idi.
Bu barədə AZƏRTAC-a ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
“Oğuz rayonunun Calut, Muxas, Qəbələ rayonunun Həmzəli, Abrıx kəndlərində, o cümlədən Masallı, İsmayıllı, Lerik, Quba rayonlarında meşələrin qənimi olanlar var. Meşə vandalizminə qarşı mübarizə təkcə nazirliyin öhdəsindən gələ biləcəyi bir problem deyil. Burada vətəndaşlıq mövqeyi də böyük əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələri nümayəndələrinin həmin məsələləri işqlandırması, meşələri qıranlara qarşı ictimai qınağın olması da onlarla mübarizəyə töhfə verə bilər”, - deyə, nazir müavini qeyd edib.
Meşələrin çəpərlənməsi məsələsinə də toxunan Firdovsi Əliyev bildirib ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Nazir müavini meşələrdə təbii bərpa prosesinin baş verməsindən sonra həmin çəpərlərin söküldüyünü də deyib.