DÜNYA
“Eurostat” Aİ və Avrozona üzrə dövlət borcu və büdcə kəsirinə dair məlumatları açıqlayıb
Roma, 22 oktyabr, AZƏRTAC
İtaliya Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ən yüksək olan ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu (“Eurostat”) Aİ və Avrozona üzrə dövlət borcu və büdcə kəsirinə dair məlumatları açıqlayıb.
Bildirilir ki, birinci rübdə Aİ-də 92,4 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 90,9 faizə geriləyib. Eyni dövrdə Avrozonada isə bu göstərici 100 faizdən 98,3 faizə enib.
Dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr İtaliya, Yunanıstan, Portuqaliya, İspaniya və Fransadır.
İtaliyada dövlət borcunun ÜDM-ə nisbəti 156,3 faizdir. Aİ-yə üzv ölkələr arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə isə 207,2 faizlə Yunanıstandır. Bu göstərici Portuqaliyada 135,4 faiz, İspaniyada 122,8 faiz, Fransada 114,6 faizdir. Dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr isə 19,6 faizlə Estoniya, 24,7 faizlə Bolqarıstan və 26,2 faizlə Lüksemburqdur.
Aİ-də ilin birinci rübündə 6,6 faiz olan büdcə kəsirinin ÜDM-ə nisbəti ikinci rübdə 6,3 faizə enib. Hesabat dövründə Avrozonada bu göstərici 7,1 faizdən 6,9 faizə geriləyib.
Qeyd edək ki, Aİ-nin qaydalarına əsasən, üzv dövlətlərin büdcə kəsiri ÜDM-in 3 faizini, dövlət borcu isə ümumi daxili məhsulun 60 faizini keçməməlidir. Belə olan halda həmin ölkələr həyata keçiriləcək tədbirləri Avropa Komissiyasına bildirməli və birgə effektiv mübarizə aparılmalıdır. Lakin Aİ-yə üzv ölkələr pandemiya səbəbindən keçən il bu qaydaları dayandırmaqla bağlı qərar qəbul edib və dövlət xərclərini artırıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma