CƏMİYYƏT
Evdən, mağazadan və avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
Bakı, 29 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayonda iki avtomobildən pul, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Balayev yaxalanıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşları isə oktyabrın 7-də Binəqədi qəsəbəsindəki mağazaların birindən Bakı sakini A.Məhərrəmovanın içərisində 374 manat pul, sənəd və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Yenaliyevi tutublar.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.