ELM VƏ TƏHSİL
FAST teleskopu dünyanın ən böyük radioteleskopudur
Bakı, 5 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasında (ÇXR) yerləşən FAST (The Five hundred meter Aperture Spherical Telescope) teleskopu dünyanın ən böyük radioteleskopudur.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, FAST indiyədək dünyada ən böyük hesab edilən Puerto-Rikodakı Aresibo rəsədxanasının teleskopundan böyükdür. Onun hazırlanmasına 5 il və 1,15 milyard yuan (180 milyon dollar) sərf edilib.
Diametri 500 metr olan FAST teleskopu 2016-cı il sentyabrın 25-də işə salınıb. Teleskop Çinin cənubundakı Quancou əyalətinin yüksək dağlıq ərazisində yerləşir.
Tam dolmuş aperturaya malik FAST teleskopunda kainatdakı irimiqyaslı neytral hidrogen buludlarının tədqiqi, pulsarların, zəif qalaktikaların aşkar edilməsi və müşahidələri, ulduzlararası mühitdə molekulların aşkarlanması, reionizasiya dövrünə aid obyektlərin öyrənilməsi, ulduzlararası rabitə siqnallarının aşkarlanması üzrə elmi tədqiqat işləri aparılır.
Qeyd edək ki, FAST teleskopunun qurulmasında təbii karst çuxurundan istifadə edilib. Onun reflektoru xüsusi tordan asılmış 4450 ədəd qofra edilmiş alüminiumdan hazırlanıb. Reflektorun özü isə çevrilmiş kasa formasını almış geodezik qübbədən ibarətdir. Reflektorun hər paneli aktuatorlarla idarə edilir.