SİYASƏT


FHN: Bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 cəsəd çıxarılıb VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar yeni məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məlumatda humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni oktyabrın 11-də gecə saat 2.00 radələrində raket atəşinə tutması nəticəsində yaşayış binasına düşən raket binanı tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı qeyd olunub.

Vurğulanıb ki, dərhal əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 sakinin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzindən 33 nəfərlik şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfərlik şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfərlik şəxsi heyət və 2 texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfərlik şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar FHN-in 112 - “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.