CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 59 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən sularda xilasetmə məntəqələrinin ərazisində, qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan altı nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas olunub.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.