CƏMİYYƏT
FHN əməkdaşları üçün inşa edilmiş növbəti yaşayış binaları istifadəyə verilib VİDEO
Bakı, 31 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq, dekabrın 31-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində Nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri beşmərtəbəli, 40 mənzilli iki yaşayış binası istifadəyə verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.
Mərasimdə çıxış edən nazir müavini general-leytenant Etibar Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, belə bir əlamətdar günlərdə Yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb.
Bütün bu işlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu deyən nazir müavini xidməti mənzillərin müasir tələblərə cavab verdiyini və hər cür şəraitlə təmin olunduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, dövlətimizin bu dəyərli hədiyyəsi nazirlik əməkdaşlarının daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.
Sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib.
Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun inşa edilib.