CƏMİYYƏT
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Opera və Balet Teatrında yanğın-taktiki təlim keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti noyabrın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Nəsimi, Yasamal, Səbail, Nərimanov, Xətai rayon dövlət yanğından mühafizə hissələrinin, Xüsusi Təyinatlı Yanğın Hissəsinin, 11 saylı Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən təsdiq olunmuş plan üzrə icra olunan təlimin keçirilməsində məqsəd yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə DYMX-nin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərinin vəzifələrinin yerinə yetirilməsi və məlumatların ötürülmə ardıcıllığı, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkili, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsi, rabitə və arxa işinin təşkili, tamaşaçıların təxliyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etdirmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətmək olub.
Üç nömrəli çağırışla həyata keçirilən təlimdə şərti yanğın haqqında məlumat daxil olan kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməliyyat-taktiki xarakteristikası, su təchizatı və rabitə sisteminə uyğun olaraq döyüş tapşırıqları icra olunub.
Sonda təlim yekunlaşdırılaraq əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, şəxsi heyətin yanğın şəraitini düzgün qiymətləndirmək, onun nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları qiymətləndirilib.
Həmçinin teatr-tamaşa müəssisələrində, o cümlədən səhnə hissəsində yanğınların söndürülməsi, tamaşaçıların təxliyə olunması, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, onların taktiki imkanlarından maksimum istifadə etməklə döyüş hərəkətlərinin həlledici istiqamətlərində tez və vaxtında cəmləşdirilib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarlar qəbul edilməsi istiqamətində vəzifələrin icra olunması ilə bağlı şəxsi heyətə tövsiyələr verilib.