İDMAN
FİA Yeniyetmələrin Olimpiadasında elektrik kartlarında yürüş keçirəcək
Bakı, 5 iyun, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) avtomobil idmanının Olimpiya proqramına daxil edilməsi üçün göstərdiyi səylər ilk uğur qazanıb: bu il Buenos-Ayresdə yeniyetmələrin yay Olimpiadasında elektriklə işləyən avtomobillərdə (e-kart) yürüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Federasiyanın prezidenti Jan Todt bu barədə FİA-nın Manilada keçirilən idman konfransının açılışında söyləyib.
J.Todt deyib: “E-kartinq həm avtomobil idmanının inkişafı baxımından yeni imkanlar yaradır, həm də onu göstərir ki, dünya dəyişir və biz bu dəyişikliklər prosesində liderlər olmalıyıq. Elektrik kartlarında nümunəvi yürüş oktyabr ayında Argentinanın paytaxtında Yeniyetmələr arasında Olimpiya Oyunları çərçivəsində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ilin yanvarında bizim Federasiyanı tanıyandan sonra bu, bizim üçün mühüm addımdır, çünki indi FİA BOK tərəfindən tanınmış idman federasiyaları assosiasiyasının (ARİSF) üzvüdür”.
Federasiyanın Buenos-Ayresdə yürüşün təşkili üçün cavabdeh olan altkomissiyasının rəhbəri, FİA-nın vitse-prezidenti Qrem Stoukerin sözlərinə görə, bu hadisə avtomobil idmanına dünya miqyasında münasibəti dəyişməyə imkan verəcək. Stouker deyib: “Biz beynəlxalq və milli olimpiya komitələrinə müraciət edərək deyə biləcəyik: “yeniyetmələrin olimpiyasında təmsil olunmuş yürüş kateqoriyası mövcuddur”. Bunun sayəsində avtomobil idmanı klubları əlavə dəstək ala biləcəklər”.
Bu həftə Manilada idman konfransı çərçivəsində elektrik kartlarında nümunəvi yürüş keçiriləcək. Həmin yürüşdə Formula 1 yarışlarının veteranı, hazırda Federasiyada kartinq komissiyasına başçılıq edən Felipe Massa iştirak edəcək.
Almaniyanın “Mach1” və “Bosch” şirkətlərinin mühəndisləri FİA-nın dəstəyi ilə gücü 20 kVt olan mühərriklə təchiz olunmuş elektrik kartı yaradıblar. Bu maşın üçün enerji mənbəyi 48 voltluq batareyadır.