DÜNYA
FİNLANDİYADA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLƏCƏK
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Finlandiyada prezident seçkilərinin birinci turunda qalib müəyyən edilməmişdir, hərçənd, indiki dövlət başçısı Tarya Halonen qalib adına əsas namizəd sayılırdı. Yanvarın 15-də başa çatan seçkilərin bülletenlərinin 99,9 faizi hesablanmış və məlum olmuşdur ki, ona seçicilərin cəmi 46,3 faizi səs vermişdir.
Beləliklə, ikinci turda onunla birlikdə Avropa İnvestisiya Bankının vitse-prezidenti, 24,1 faiz səs toplayan Sauli Niiniste dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparacaqdır. Niiniste özünün əsas rəqibini - 18,6 faiz səs toplamış Baş nazir Matti Vanhaneni geridə qoymuşdur. Ali dövlət vəzifəsinə qalan beş namizəd ən çox 3,5 faiz səs qazanmışdır.
İndiki seçkilər finlərin prezidenti müstəqim ümumxalq səsverməsi yolu ilə seçdikləri sayca üçüncü seçkilərdir. Finlandiyanın 5 milyon nəfərdən artıq əhalisinin təxminən 4,3 milyonu seçki hüququna malikdir.
İkinci tur yanvarın 29-da keçiriləcəkdir. Bu turda qələbə üçün namizədlərdən birinin sadə səs çoxluğu qazanması kifayət edəcəkdir.