SİYASƏT
FRANSADAKI TƏDBİRDƏ AZƏRBAYCAN GÜŞƏSİNƏ XÜSUSİ MARAQ GÖSTƏRİLMİŞDİR
Paris, 19 mart (AZƏRTAC). Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, martın 16-17-də Fransanın Bezanson şəhərində keçən əsrin 90-cı illərinin əvvəllərindən ənənə halını almış “Dünya ətrafına 80 boşqabla səyahət” adlı tədbir keçirilmişdir.
Tədbirdə 20-dən artıq ölkənin mədəniyyəti, milli mətbəx nümunələri, geyimləri və rəqsləri şəhər sakinləri və turistlər qarşısnda nümayiş etdirilmişdir. Yaponiya, Türkiyə, İran, Amerika Birləşmiş Ştatları, Yunanıstan, Braziliya, İspaniya, Malayziya, Çin və digər ölkələrlə yanaşı, Azərbaycan da bu tədbirdə təmsil olunmuşdur.
İştirakçılar Bezansonda yaşayan soydaşlarımızın hazırladıqları milli mətbəximizin nümunələri - yarpaq və kələm dolması, dovğa, Novruz bayramında süfrələrin bəzəyi olan paxlava və şəkərbura, Şəki paxlavasından, səfirlik tərəfindən göndərilmiş ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə, Azərbyacan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və broşürlərdən ibarət güşəyə xüsusi maraq göstərmişlər. Fransızlara yarpaq dolması, paxlava və şəkərbura daha çox xoş gəlmişdir. Onlar ölkəmizə dair suallar vermiş, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını gizlətməmiş, Azərbaycan haqqında az məlumatları olmasına təəssüf etdiklərini bildirmişlər.
Bezansonun ali təhsil ocaqlarında təhsil alan tələbələrimizin ifasındakı milli rəqslərimiz də qonaqlara xoş təsir bağışlamışdır.
Yerli jurnalistlər Azərbaycan guşəsi və Bezansonun müxtəlif universitetlərində oxuyan azərbaycanlı gənclər haqqında ayrıca məqalə ilə mətbuatda çıxış edəcəklərini vəd etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######