Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA

Hörmətli cənab Prezident,

Əziz dostum!

Fransa Respublikasının milli bayramı- Bastiliyanın alınması günü münasibətilə Sizi və bütün Fransa xalqını ürəkdən təbrik edirəm.

Bu gün ikiqat əlamətdar gündür. Çünki bu bayram müxtəlif yönlü ekstremizm təzahürləri, ictimai biganəlik üzərində Sizin parlaq qələbəniz nəticəsində Fransanın müasir tarixində açılan yeni mərhələyə təsadüf edir.

Əminəm ki, Siz ətrafınızda birləşən bütün sağlam qüvvələr ilə birlikdə Fransanı bundan sonra da Avropa dəyərləri, demokratiya və humanizm yolu ilə irəliyə aparacaqsınız.

Azərbaycan ilə Fransa arasında bugünkü möhkəm dostluq və faydalı əməkdaşlıq münasibətləri qədim və zəngin əlaqələrimizin uğurlu davamıdır.

Ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, dəstəyin və etimadın gündən-günə yüksəlməsində müstəsna xidmətlərinizi böyük məmnunluqla qeyd etmək istərdim.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsindən narahatlığınızı və dinc yolla nizamlama prosesindəki mütəmadi səylərinizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Səmimi dostluq hissləri ilə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2002- ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin