DÜNYA
“Facebook” erməni hakerə məxsus şirkətin hesabını ləğv edib
Berlin, 12 oktyabr, AZƏRTAC
“Facebook”un rəhbərliyi istifadəçilər haqqında qanunazidd məlumat topladığı üçün “SocialDataHub” şirkətinin hesabını ləğv edib. Naməlum bir ölkənin (Ermənistan olduğu ehtimal olunur) hökumətinə analitik xidmətlər təqdim edən bu şirkət sosial şəbəkələrdən istifadə şərtlərini pozub.
AZƏRTAC “Facebook”un mətbuat xidmətinə istinadla xəbər verir ki, 2015-ci ildə erməni biznesmen Artur Xaçuyanın açdığı şirkətin hesabı sosial şəbəkənin təhlükəsizlik tədbirləri çərçivəsində bağlanıb. Mətbuat xidmətinin məlumatında bildirilir ki, şirkət bu hesab vasitəsilə skreypinq (internetdə səhifələrdən məlumat toplamaq üsulu) ilə məşğul olub. Məhz bu məlumatlar ucbatından şirkətin və əlavə 66 istifadəçinin hesabı ləğv edilib. Məlumatda deyilir: “Biz daha çox “Facebook” hesabını aşkar etməyi və bağlamağı düşünürük”.
Artur Xaçuyan isə “Reuters” agentliyinə bildirib ki, onun şirkəti heç bir qanunu və qaydaları pozmayıb.
Bununla belə, “Facebook”un “Reuters”ə təqdim etdiyi məktubda bildirilir ki, Rusiyada qeydiyyatdan keçmiş bu şirkət sosial şəbəkə istifadəçilərinin fotoşəkillərini də təhlil edərək, bəlli olmayan dövlətə xidmətlər təqdim edib.
“Facebook” “SocialDataHub” şirkətindən oktyabrın 12-dək topladığı məlumatlar, habelə onları kimə satdığı və ötürdüyü barədə izahat tələb edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin