CƏMİYYƏT
Fəhlənin hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan ikinci mərtəbənin damına yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.