İQTİSADİYYAT
Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır
Bakı, 14 mart, AZƏRTAC
Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bununla bağlı “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.
Bir çox hallarda vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır.
Digər tərəfdən vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq əmlaklarının qeydiyyata alınması ilə bağlı müraciət etmirlər.
Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim ediləcək.
Eyni zamanda, ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərə çıxarışlarının verilməsi işlərinə başlanılıb və davam etdirilir.