REGİONLAR
Fermerlər çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyaların yaradılması barədə təkliflərini təqdim edəcəklər
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumların rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak edib.
Tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.
Çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq, bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə assosiasiyaların yaradılması barədə öz təkliflərini veriblər.
Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara hər 3 sahə - çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyaların yaradılması barədə təkliflərini qısa zamanda təqdim etmələri tövsiyə edilib.