REGİONLAR
Fermerlər mal-qaranın və quşların xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıblar
İsmayıllı, 26 oktyabr, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzi və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində “Kənd təsərrüfatı heyvanlarının və quşların xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarı baytarlıq elmləri doktoru, professor İlham Əzimov açaraq ölkəmizdə aparılan aqrar islahatlar və kənd təsərrüfatının aparıcı sahəsi olan heyvandarlığın hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.
Elmi-praktik seminarda baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yusif Bağırov çıxış edərək kənd təsərrüfatı heyvanlarının yemlərlə zəhərlənməsinin bəzi xüsusiyyətləri və mübarizə tədbirləri barədə danışıb. Vurğulayıb ki, fermerlər heyvan xəstəlikləri və qan parazitləri ilə kimyəvi mübarizə zamanı ehtiyatlı olmalı və tədbirlər baytar həkimlərin nəzarəti altında aparılmalıdır.
Baytarlıq üzrə fəlsəfə doktoru, dosent Rafiq Muradov kənd təsərrüfatı heyvanlarının bruselyoz xəstəliyi və ona qarşı mübarizə tədbirləri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova quşların helmintozlarına qarşı aparılan mübarizə üsulları barədə ətraflı bilgilər veriblər.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.