DÜNYA
Filippində “Megi” qasırğası üç nəfərin ölümünə səbəb olub VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Filippinin Şərqi Visayi əyalətində “Megi” tropik qasırğasından sonra baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı üç nəfər həlak olub.
AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, regional polis idarəsinin məlumatına görə, təbii fəlakət nəticəsində, həmçinin altı nəfər itkin düşüb.
Ölkənin səkkiz rayonunu təsiri altına alan “Megi” tropik qasırğası 136,3 mindən çox insana zərər vurub, 29 mindən çox ailə öz evlərini tərk etmək məcburiyyətində qalıb, 4,5 min nəfər təhlükəli ərazilərdən təxliyə edilib.
“Megi” tropik qasırğası aprelin 10-da Filippinin şərqindəki Samar, Biliran və Leyte adalarını cənginə alıb. Filippinin Atmosfer, Geofizika və Astronomiya xidmətlərinin məlumatına görə, qasırğada küləyin maksimal sürəti saniyədə 20,8-29,1 metrə çatır. Aprelin 12-də “Megi” qasırğasının Filippindən kənarda olan “Malakas” siklonu ilə toqquşacağı gözlənilir.