DÜNYA
Filippində "Nalgae" tropik qasırğası nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb
Tokio, 29 oktyabr, AZƏRTAC
Filippinin cənub əyalətlərində daşqınlara və torpaq sürüşməsinə səbəb olan “Nalgae” tropik qasırğası nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 29-da Filippin Təbii Fəlakətlər Agentliyinin sözçüsü Bernardo Rafaelito Alexandro məlumat verib. Onun sözlərinə görə, daha 33 nəfər yaralanıb, 14 nəfər isə itkin düşüb.
Bildirilir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 95 kilometrə çatıb. Şənbə günü səhər saatlarında tropik qasırğa Katanduanes əyalətinə çatıb.
Dövlət Meteorologiya Agentliyinin son bülletenində qasırğanın şənbə günü Luson adasını keçərək Cənubi Çin dənizi istiqamətində hərəkət edəcəyi, paytaxt bölgəsi və yaxın əyalətlər üzərində güclü yağışlara səbəb olacağı qeyd edilir.
Təbii Fəlakət Agentliyinin Mindanao əyalətindəki rəsmisi Nəsrullah İmam isə bildirib ki, hazırda bütün xilasetmə qrupları toplanaraq, hadisə yerinə göndərilir. Yağışın kəsməsi axtarış və xilasetmə işlərini yüngülləşdirib.
Qeyd edək ki, Filippində hər il orta hesabla 20 tropik qasırğa baş verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio