İQTİSADİYYAT
“Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin kredit reytinqini təsdiqləyib
Bakı, 5 mart, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) xarici valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
AZƏRTAC “Fitch”ə istinadla xəbər verir ki, sözügedən reytinqin həmin səviyyədə təsdiqi QSC-nin tədavül müddəti 2026-cı il olan Azərbaycan Respublikası tərəfindən tam zəmanət verilən 2 milyard dollarlıq avrobondların qiymətləndirməsini əks etdirir.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdırır. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəql edilir.
2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Həmin il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazı ötən ilin sonunda Avropaya çatdırılıb.