REGİONLAR
Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib
Naxçıvan, 5 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.
AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan səkkiz mərhələdən ibarət yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru adı verilib.
Ölkə elmi nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Fizzə Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə bu ada layiq görülüb.
Qeyd edək ki, Fizzə Məmmədova “Fiziki kimya” ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şəhadətnamənin, müəlliflik şadətnaməsinin,1 patentin, 3 monoqrafiyanın və 2 qrant layihəsinin müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dilində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.