İDMAN


Formula 1: Mövsümün başlanması haqqında qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir

Bakı, 15 may, AZƏRTAC

Formula 1 yarışlarının rəhbərliyi builki mövsümə iyulun 5-də və 12-də Avstriyada keçirilməsi nəzərdə tutulan iki yürüşlə başlamaq niyyətindədir. Gözlənildiyinə görə, bu haqda rəsmi qərar yaxın bir neçə gündə qəbul edilməlidir.

AZƏRTAC xəbər verir ki, Avstriya Səhiyyə Nazirliyi Qran-Pri keçirilən vaxt “Red Bull Ring” trasında planlaşdırılan epidemioloji təhlükəsizlik tədbirlərini cümə günü və ya şənbə günü qiymətləndirəcək. Bu tədbirlər çərçivəsində istənilən gözlənilməz hallar nəzərə alınmalıdır və əgər onlar hakimiyyəti qane edərsə, onda Şpilberqdə iki yürüşə “yaşıl işıq” veriləcək.

Bundan sonra Formula 1 yarışlarının rəhbərliyi Silverstounda iki yürüşün təşkili ilə bağlı mürəkkəb məsələni həll etməli olacaq. Məsələ ondadır ki, mövcud qaydalara görə Böyük Britaniya ərazisinə gələn hər kəs iki həftə karantini keçməlidir. Bu tələb Avstriya mərhələsindən dərhal sonra Britaniya mərhələsinin keçirilməsini qeyri-mümkün edir, ancaq çempionatın rəhbərliyində ümid edirlər ki, idman tədbirləri üçün istisna ediləcək və karantin müddəti beş günə qədər azaldılacaq.

Əgər Böyük Britaniyanın hakimiyyət orqanları ilə razılaşma baş tutmasa, onda Çeyz Keri və Ross Braunun bir ehtiyat variantı da var: Şpilberqdə iki yürüşdən sonra çempionatın Macarıstana aid iki mərhələsini Budapeştin şəhərətrafı zonasında Hunqarorinq trasında keçirmək olar. Əlbəttə, bütün hallarda yürüşlər tamaşaçısız keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.