REGİONLAR
Fransız iş adamları Gəncədə birgə müəssisələr yarada bilərlər
Gəncə, 20 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 19-da Gəncədə Azərbaycan ilə Fransa regionları və şəhərləri arasında əməkdaşlığa dair I seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarda Tovuz, Naftalan, Goranboy, Şəmkir, İsmayıllı, Şəki rayon icra hakimiyyətləri başçıları və onların müavinləri, həmçinin Fransa, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Braziliya, Meksika və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.
Seminarda çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2012-ci ildən etibarən Fransanın Oser, Şabil və Vezle şəhərlərində müxtəlif tədbirlər keçirilib, bu ölkənin Yon vilayəti ilə birgə Gəncədə şərab festivalları təşkil olunub.
Elmar Vəliyev dövlət başçılarının rəhbərliyi ilə Fransa ilə Azərbaycan arasında iqtisadiyyat, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da güclənməsindən danışıb. Gəncənin bu əməkdaşlıqdan əldə etdiyi faydalardan bəhs edən icra başçısı deyib: “Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət iki ölkənin münasibətlərinə, xüsusilə də Gəncə ilə Yon vilayəti arasında qardaşlığa fayda verir”.
E.Vəliyev Gəncə ilə Fransanın Yon və Burqundiya vilayətləri arasında əməkdaşlığın qurulması üçün iş adamlarına birgə layihələr də təklif edib. O deyib: “İş adamlarımız alüminium və yeməkxana məmulatları, şirniyyat istehsal edən müəssisələrin, həmçinin xalçaçılıqla bağlı müştərək müəssisənin yaradılmasını, turizm layihələrinin reallaşdırılmasını birlikdə həyata keçirə bilərlər. Bunun üçün bizdə hər cür şərait var”.
Daha sonra çıxış edən Fransanın Yon departamenti Şurasının sədri Andre Vilye Gəncə ilə rəhbərlik etdiyi vilayət arasında birgə tədbirlərdən, Fransa-Azərbaycan əməkdaşlığının güclənməsində Gəncə-Yon dostluğunun rolundan danışaraq bildirib: “Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Qədim Azərbaycan şəhəri Gəncə də bundan faydalanır. Dostum Elmar Vəliyevin işgüzar səyləri nəticəsində bizim vilayətimiz ilə əməkdaşlıq bu inkişafın fonunda daha da genişlənir”.
Fransanın Konyak şəhərinin meri Mişel Qurinşa, bu ölkənin Azərbaycandakı səfiri xanım Orelia Buşez, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və digər qonaqlar çıxış edərək iki ölkə arasındakı münasibətlərdən, gələcək birgə layihələrdən danışıblar.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.